Şrift ölçüsü: Kr
01 Fevral 2012

Bunların hərəsi bir Buşdu!

Cücü olmasın, olsun böcək! – məqsəd xırdalıq, kiçiklik, əhəmiyyətsizlikdir.
Dünyanın super güclərinə lənət yağdırırıq: ABŞ-a lənət! İsrailə lənət! Bu lənətlərdə bir qələt yoxdur. Çünki dünyanın başına bomba ələyirlər, xalqın evinə soxulub namusuna təcavüz edirlər. Amma... Bu lənət oxuyan insanın özü hansı xislətdədir? Axı hər şeyin ölçüsü, razmeri, böyük-kiçik modelləri var. Lənət oxuyan adam məsələn Obamanın ya Peresin yerində otursaydı nə edərdi?
Cücünün biri yolu elə yeriyir, adamla elə danışır ya elə yazır ki, az qalırsan Fironun atasına rəhmət oxuyasan. Nə qədər təkəbbür, lovğalıq, mənəm-mənəmlik! Bu cücü, zalıma lənət oxuyanda, ədalətdən danışanda, xalq deyəndə dilini çəkib qoparasan (cücünün dili olmursa əfv edin lütfən). Deyəsən ki, sən cücüyə imkan versələr düşmən qalar dostu minərsən, əlin çatanı qul edərsən, kəndi diz üstə saxlarsan.
Yadıma bir əhvalat düşür. Bəlkə də nə vaxtsa yada salmışam. Amma ibrətamizdir, təkrarlasam eyb eləməz. Çox alicənab, mərd dostlardan biri diş həkimi işləyir. Günlərin bir günü şəhərin vəzifə baxımından ikinci ya üçüncü adamı gəlir onun qəbuluna. Qış vaxtı imiş. Daxil olur otağa salam-kalamsız. Gözü ilə həkimə altdan yuxarı yalayıb oturur kresloya, başında da norka papaq. Zora, heyvəriliyə pataloji nifrəti olan həkim dost yaxınlaşır ki, xəstənin problemini öyrənsin. Birdən... Birdən nə eşitsə yaxşıdır: “Ə, papağımı çıxar!” Bəli-bəli, düz eşitdiniz: xəstə məmur həkimə hökm edir ki, həkim onun papağını çıxarsın! Şübhə etmirəm ki, dostum yalnız öz əxlaqına görə bu adamı ucadan yağlamır. Ürəyində ki... Sakitcə ağ xalatını çıxarır, paltosunu geyib klinikadan çıxır. Elə o vaxtdan evdə işləyir.
Allah sənə rəhmət etsin Həsən Əbluc! Əlbəttə ki, Yaşar Nuri, Hamlet Xanızadə, Məcnun Hacıbəylini də yaddan çıxarmaq olmaz. İsi Məlikzadənin ssenarisi əsasında çəkilmiş “Qatarda” tele-tamaşasına baxmayıbsınızsa hökmən baxın. Allah bu cücüləri öldürsün. Bunların hərəsi bir Buşdu, hərəsi bir Obamadı vallah!

 

201 dəfə baxılıb
gözləyin...