19 Yanvar 2010
"Mənəvi Saflıq" jurnalı redaksiyasında dini-mənəvi durum müzakirə edildi
Ölkədəki dini-mənəvi durum və Bənəniyardakı son olaylarla bağlı “Mənəvi Saflıq" jurnalı redaksiyasında Dəyirmi Masa keçirilib. Tədbirdə Azərbaycanda din və mənəviyyat sahəsində cərəyan edən son hadisələr müzakirə edilib və mövcud problemlərin həlli yolları araşdırılıb. Tədbiri giriş sözü ilə açan “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin icraçı direktoru Hakim Əlizadə ölkədə cərəyan edən məlum hadisələri bir daha tədbir iştirakçılarının nəzərinə çatdıraraq qeyd edib ki, “ötən 2009-cu il Azərbaycan xalqının sahib olduğu mənəvi dəyərlərin inkişafı baxımından və inanclı kəslər üçün elə də uğurlu il olmayıb. Doğrudur, ölkə paytaxtı olan Bakı şəhəri İslam Mədəniyyəti paytaxtı elan edilmişdi. Amma İslam Mədəniyyəti Paytaxtında İslami dəyərlərə və bu dəyərlərə sadiq insanlara olan neqativ münasibət daha açıq və kəskin şəkildə qabarmağa başladı. İki məscid bağlandı və iki məscid sökülərək, yerlə-yeksan edildi. Daha bir məscidin sökülməsi üçün məhkəmə qərarı qəbul edildi. Bütün bunlar mənəvi dəyərlərimizə qarşı olan məqsədli kampaniyanın görünən tərəfləri idi. Televiziyalarda və ümumən mətbuatda əxlaqi, dini-mənəvi dəyərlərimizə zidd proqram və materiallar yer almaqda davam etdi. Azərbaycanın efir məkanında dini maarifləndirici proqramların pərdəarxası qadağası keçən ildə də davam etdirildi. Nəhayət, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndinə İmam Hüseynin (ə) Aşura günü yas mərasimində iştirak edənlərə qarşı törədilən zorakılıq hadisələri bütün bu dini-mənəvi problemlərin ən pik nöqtəsi oldu. Bu gün bura toplanmağımızın əsas məqsədi bu mənfi hadisələrə bir vətəndaş, inanclı gənclər kimi münasibətimizi bildirmək, eləcə də mövcud problemlərdən çıxış yolları aramaqdır.”
Sonra çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi və “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Gənclərlə İş üzrə Şöbəsinin koorinatoru Elvin Ağayev bir gənc olaraq dini-mənəvi dəyərlərimizə qarşı olan neqativ hadisələrə münasibətini bildirdi. Natiq çıxışı zamanı qeyd etdi ki, məscidlərin sökülməsi və bağlanması, Bənəniyar kəndində inanclı insanların sıxışdırılması, teleməkanda yayımlanan əxlaqi dəyərlərə zidd proqramlar Azərbaycan gəncinin mənəviyyatını sarsıdaraq vətənpərvərlik əzmini azaldır. Elvin Ağayev çıxışının sonunda gəncləri mənəviyyat problemləri ətrafında birləşməyə və birgə çıxış yolları aramağa səsləyib.
Sonra qaldırılan məsələlərə fikrini bildirən “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Qadınlarla İş üzrə Şöbəsinin koordinatoru və Azərbaycan Milli Elimlər Akademiyasının əməkdaşı Sevinc Ağaliyeva ölkədəki milli-mənəvi dəyərlərimizə qarşı olan kampaniyanı tənqid edərk bu cür əməllərin durdurulmasını tələb edib. Natiq qadınların üzləşdiyi hicab probleminin də bu qəbildən olan məsələlər cərgəsinə aid edərək qadınların konstitutsiyon hüquqlarının pozulduğunu bildirib.
Daha sonra fikirlərini bildirən İctimai Birliyin üzvləri və tələbə gənclər mənəvi dəyərlərimizə qarşı olan zorakılıqları və Bənəniyar kəndindəki qanun pozuntularını tənqid ediblər. Azərbaycan vətəndaşlarını və dövlətini mənəvi-dini, əxlaqi dəyərlərimizin müdafiəsi naminə birləşməyə və birgə həll yolu aparmağa səsləyiblər.
Sonda Dəyirmi Masa iştirakçıları yekdilliklə bəyanat qəbul ediblər. Bəyanatda qeyd edilir ki, baş verən hadisələr vətəndaşların din və vicdan azadlıqlarının təmin olunması istiqamətində baxılmalı, zorakılıqlara və insanların dini heysiyyatının aşağılanmasına yol verilməməlidir. Bu gün Azərbaycanımız üçün milli birlik lazımdır və hamımız əl-ələ verib, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən ərazi bütövlüyü problemini həll etməyə çalışmalıyıq. Bele bir halda dindar vətəndaşlarımızı küsgün salmaq, onların konstitusiya haqlarına hörmətsizlik etmək həm də dövlətçiliyimizə qarşı zərbədir. Bizlər çalışmalıyıq ki, hər bir inanclı vətəndaşımız üçün öz dini inancını sərbəst şəkildə ifadə etməsinə hər cür şərait yaradılsın və bu sahədə həllini tapmamış heç bir problem qalmasın. Ümid edirik ki, aidiyyəti dövlət qurumları və inanclı vətəndaşlarımız bu kimi məsələlərdə həssasiyyət göstərərək problemlərin birgə həllində əməkdaşlıq edəcəklər.
"Mənəvi Saflıq"1132 dəfə baxılıb
gözləyin...





