Davos kitabını yenidən açın
İsrailin quru qoşunları komandiri Mizrahi, Davos forumunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışıyla əlaqədar, "Ərdoğan əvvəl güzgüyə baxsın. Erməniləri və kürdləri qətlə yetirdilər" -deyə bildirib. Bundan dərhal sonra isə həm Türkiyə Xarici İşlər Nazirliyi, həm də Baş qərargah bu yersiz şərhə çox sərt cavablar verdilər. Türk tərəfinin verdiyi sadəcə cavab deyildi; eyni zamanda İsrail tərəfindən "izahat" da tələb edilib ki, diplomatik təbəqələrdə bunun mənası "hesab ver" deməkdir. Xüsusilə Türk ordusunun verdiyi açıqlamanın sətiraltı cümlələrdə "Aramızdakı əsgəri münasibətlərə çox güvənmə, ayaqlayıb keçərəm " şəklində ikinci bir məna dərhal gözə dəyirdi. Necə ki, bu reaksiyaya İsrail tərəfindən cavab çox gecikmədi. Verilən cavabda mesajın təsiri açıq-aydın görünürdü. Nə deyilir mesajda: "Bu şərh o komandirin öz şəxsi fikridir, bizim mövqeyimiz deyil". Bu şərhə təkrar dönmək üzrə nöqtə qoyaq. *** İndi gəlin görək israilli əsgər bu açıqlamanı nə üçün verdi. Açıq görünən odur ki, bu təsadüfən, ayaqüstü verilmiş və sionist İsrail rejiminin dövlət quruluşundan kənar bir şərh deyil. Bu şərh Türkiyəyə qarşı taktiki bir hücumdur və səbəbi də budur: İsrail tarixdə ilk dəfə olaraq belə bir rəsmi tədbirdə - Davosda, loru dillə desək burnuna çırpıldı. Və bu da İsrailin "toxunulamaz" imicini məhv etdi. Buna müqabil Davosdan sonra Orta Şərqdə və təbii ki, Fələstində Türkiyənin gücü və Tayyib Ərdoğanın fərdi prestiji təsəvvür edilməyəcək bir şəkildə artdı. Obamanın yeni Orta Şərq siyasətinə bağlı olaraq yaxın günlərdə qaçılması mümkün olmayan bir şəkildə İsrail-Fələstin görüşləri gündəmə gələcək. İsrail Türkiyənin də bu görüşlərdə iştirak etməsini özü üçün çox təhlükəli sayır. Halbuki Davosdan sonrakı hadisələr, Türkiyəsiz bu işlərin irəli getməyəcəyini göstərir. Belə olan halda nə etmək lazımdır? ABŞ Konqresində 24 apreldə qəbul edilməsi palanlaşdırılan erməni "soyqırım"ı qanunuyla bərabər Türkiyəyə təzyiq edilməsi və Türkiyənin yüksək prestijinin "şişirdilmiş bir nəsnə" olduğunun bütün bölgəyə göstərilməsi lazımdır. Daha doğrusu "yeni Davos ruhu"nu böyümədən öldürmək istəyirlər. Amma İsrail tərəfinin yanıldığı bir şey var. Gözləyirlər ki, əzəldən olduğu kimi türklər çaxnaşmaya düşərək, "Amandı yəhudi lobbisinin təzyiqləri ilə qarşılaşarıq, amandı İsrailin dəstəyini itirərik, amandı İsrail bizə faktura ödətdirməyə başlayar" - deyə fəryad qoparacaqlar və quyruğu qısacaqlar. Amma yenə deyirəm, İsrail yanılır, düşündükləri keçmişdə qaldı. İsrail Davos kitabını yenə açsın və başdan oxusun; anlayana qədər, təkrar-təkrar. Üstəlik öz yaxşılığı üçün. *** İndi təkrarən əvvələ qayıdıram. İsrail Baş qərargahının verdiyi təkzib, əslində Türkiyəyə bu şüurlu və planlı taktiki hücumu təsirsiz hala gətirəcək bir fürsət verir. Nə deyir israillilər? "Bu adamın (ordu rəhbərinin) söylədiyi bizi maraqlandırmır, öz şəxsi fikridir". Belə olan halda Türkiyənin baş naziri Milli Müdafiə Nazirliyinə və Türk Baş Qərargah Başçılığına dərhal göstəriş verməli və bu sözü söyləyən israilli ordu rəhbərinin Türkiyəyə girişinin qadağan edilməsini və iki ölkə arasındakı görüşlərdə bu adamın həmsöhbət olaraq qəbul edilməməsini bildirməlidir. Bu vəsiləylə bütün dünya uşaq qatillərinin Türkiyə ilə belə danışa bilməyəcəyini görməlidir.





